BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 14 Temmuz 2019 15:00:12

0 Şərh

Dəfə Oxundu.

Azərbaycanda valideynlərə uşağı döymək qadağan edilməlidir? - Ekspertlərin rəyiAzərbaycanda valideynlərə uşağı döymək qadağan edilməlidir? - Ekspertlərin rəyi

Azərbaycanda valideynlərə uşağı döymək qadağan edilməlidir? - Ekspertlərin rəyi

Bu yaxınlarda Fransa parlamenti uşaqların valideynləri tərəfindən fiziki yolla cəzalandırılmasını qadağan edən “Etimad məktəbi haqqında” qanunu qəbul edib.

Qanunvericilik sənədinin müəllifləri hesab edirlər ki, döyülən və alçaldılan uşaqlar özlərini lazımi səviyyədə qiymətləndirə bilmir, antisosial yönümlü davranışlara meyilli olur və digər mənfi hallarla üzləşirlər.

Bəs, görəsən, Azərbaycanda da oxşar qanunun qəbul edilməsinə ehtiyac varmı?

Uşaqların fiziki yolla cəzalandırılmasını qadağan edən qanunun Azərbaycanda qəbul edilməsi üçün əhalinin müxtəlif təbəqələri arasında ciddi maarifləndirici işlər aparmaq lazımdır.

Bunu açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.

Onun sözlərinə görə, Azərbaycanda “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun qüvvədədir, lakin uşaqların fiziki cəzalandırılmasını qadağan edən ayrıca qanun mövcud deyil:

“Hesab edirəm ki, Fransada çox düzgün addım atıblar. Lakin fikrimcə, cəmiyyətimiz belə qanunvericilik aktının müddəalarına hələ uyğunlaşmayıb. Axı şillə, qapaz bizdə tətbiq edilən tərbiyə formalarıdır”.

M.Zeynalova qeyd edib ki, bir çox gənc ailələrdə hazırda uşaqların cismani cəzalandırılması tam istisna edilir:

“Zənnimcə, uşaqları döyməyə görə cinayət məsuliyyətinin tətbiqi cəmiyyətimizə yalnız fayda verə bilər”.

Hüquq-Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü, tanınmış hüquq müdafiəçisi Səidə Qocamanlı da açıqlamasında bildirib ki, ölkədə sözügedən qanunun qəbul edilməsini zəruri hesab edir.

Hər bir uşağın ölkənin gələcəyi olduğunu deyən S. Qocamanlı qeyd edib ki, uşaq düzgün tərbiyə edilməli olan şəxsiyyətdir:

“O, uşaqlıqdan bilməlidir ki, dövlət onun hüquqlarını qoruyur”.

Hüquq müdafiəçisi əmin olduğunu bildirib ki, Azərbaycanda da uşaqlar üzərində zorakılığı qadağan edən ayrıca qanun qəbul ediləcək:

“Bu, evdə və cəmiyyətdə uşaqlar üzərində istənilən zorakılıq formalarının qarşısını almağa imkan verəcək. Belə qanunun qəbul edilməsi ilə valideynlər, tərbiyəçilər, pedaqoqlar özlərinə daha ciddi yanaşacaqlar və tamamilə anlayacaqlar ki, uşaqları daim qorxu vəziyyətində saxlamaq əvəzinə, özünə, böyüyə, cəmiyyətə, ölkəsinə hörmət mühitində böyütmək və tərbiyə etmək lazımdır”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə isə açıqlamasında uşaqlarla kobud rəftara görə cəzanı nəzərdə tutan yeni qanunun gələcəkdə qəbulu imkanını istisna etmədiyini vurğulayıb.

Onun sözlərinə görə, uşaqlar üzərində fiziki zorakılığı qadağan edən ayrıca qanun layihəsi hazırlanarsa, ona parlamentdə baxılacaq:

“Lakin hazırda Azərbaycanda uşaqlarla kobud rəftara, o cümlədən onlara əl qaldırmağa görə daha əvvəl qəbul edilmiş “Məişət zorakılığının aradan qaldırılması haqqında” qanun inzibati cəza tədbirlərini nəzərdə tutur. Valideynlər uşaqlarını dilənçiliyə, avaraçılığa məcbur edirlərsə, onlara qarşı daha sərt cəza tədbirləri tətbiq edilir”.

Deputat qeyd edib ki, uşaqlarla daha sərt davranış halları zamanı məhkəmə valideynləri uşaqlar üzərindəki hüquqlarından məhrum edir, hətta cinayət işi qaldıra bilər:

“Bu yaxınlarda Gəncədə belə bir hal baş vermişdi. Belə ki, Gəncədə 14 yaşlı oğlunu döyən ata həbs edilib və cinayət məsuliyyətinə cəlb olunub”.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR