VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 18 Ocak 2020 21:33:05

0 Şərh

Dəfə Oxundu.

Joze Alesio Da Silva: Minimum hədəf pley-off mərhələsinə vəsiqə qazanmaqdır

Hazırlıqlara yanvarın 13-də başlamışıq. Artıq altı gündür ki, məşqləri davam etdiririk. Məşqlərdə əsasən ölkə çempionatında çıxış edən futzalçılar iştirak edirlər. Ölkədən kənarda karyerasını davam etdirən oyunçulardan Oliveyra Villiams Vassoura, Sezar Conatan və İsaq Surqalı hazırda bizimlə birlikdə məşqlərə qoşulublar. Teles Tyaqo və Eduardo Borges də tezliklə komandaya qoşulacaqlar. Hazırda onların çıxış etdikləri klublar rəsmi oyunlar keçirir. Bir neçə oyunçumuz isə birbaşa Xorvatiyaya gələcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri dünya çempionatının elit-raund mərhələsinə hazırlığını davam etdirən Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva yanvarın 18-də keçirilən brifinqdə deyib.

Braziliyalı mütəxəssis qeyd edib: “Tam heyətlə hazırlaşa bilməməyimiz müəyyən çətinlik yaradır. Ancaq yaradılan şəraitdən komandanın daha yaxşı hazırlıq keçməsi üçün maksimum istifadə edirik. Çünki Xorvatiyada da müəyyən qədər vaxtımız olacaq. Oyunlardan əvvəl bütün komandaların şansı eynidir. Rəqiblərimizin real gücünü nəzərə alaraq deyə bilərəm ki, qrupdan çıxmaq şansımız əllinin əlliyədir. Eyni zamanda, rəqiblərimiz bizdən çəkinməsələr də, hörmətlə yanaşırlar və nəyə qadir olduğumuzu bilirlər”.

Baş məşqçi komandanın qarşısına konkret məqsədin qoyulduğunu da açıqlayıb: “Minimum tapşırıq pley-off mərhələsinə vəsiqə qazanmaqdır. Təbii ki, final mərhələsində oynamaq istəyirik. Buna nail olmaq üçün mübarizə aparacağıq. Ancaq indi sırf Xorvatiya ilə qarşılaşmanı düşünürük”.

Futzalçıların fiziki hazırlığına da toxunan mütəxəssis deyib: “Hazırda fiziki baxımdan komanda üzvlərinin vəziyyəti yaxşıdır. Yüksək Liqada fasilə yarandığından biz məşqlərə erkən start verdik. Yanvarın 6-da millinin bazasını təşkil edən “Araz” komandası təlim-məşq toplanışlarına başladı. Bilirdik ki, istirahətdən sonra bir qədər çətin olacaq. Bundan başqa, Vassoura və Tyaqo da zədələrini bərpa ediblər. Onların hazırlıq durumu da nəzarətdədir”.

Qrup oyunlarının təqvimindən məmnunluğunu bildirən braziliyalı mütəxəssis deyib: “Güclü rəqiblərlə ardıcıl oyunlar keçirəcəyik. Əlbəttə, gücümüzü elə sərf edəcəyik ki, hər iki oyunda müsbət nəticə qazanmağa çatsın. Yanvarın 21-də və 22-də Özbəkistan yığması ilə Bakıda yoldaşlıq oyunları keçirəcəyik. Özbəkistan millisi yaxşı komandadır. Bu oyunda 17 futzalçımızı sınaqdan keçirəcəyik. Çünki Xorvatiyaya 14 futzalçı ilə yollanacağıq”.

Milli komandanın kapitanı Rizvan Fərzəliyev isə rəqibləri dəyərləndirərkən bildirib: “Birinci oyunda meydan sahibi ilə qarşılaşacağıq. Bu, bir tərəfdən yaxşıdır, əsas rəqibimizlə üz-üzə gələcəyik. Amma meydan sahibi olmaları, heyətlərində güclü futzalçıların olması bizim üçün yaxşı məqam deyil. Uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Təbii ki, məqsədimiz final mərhələsinə yüksəlməkdir”.

Qeyd edək ki, Azərbaycan millisi elit-raund mərhələsi çərçivəsində yanvarın 29-da Xorvatiya, ertəsi gün Rusiya, fevralın 1-də isə Slovakiya yığmaları ilə qarşılaşacaq. Bu qrupun oyunları Xorvatiyanın Osiek şəhərindəki “Qradsk vrt Arena”da keçiriləcək.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR